top of page

Tahirə Qürrətüleyn - Azadlıq aşiqi...

  • Azər Cəfərov
  • Nov 19, 2015
  • 9 min read

XIX əsrin ortalarında İran məmləkəti çaxnaşma içində idi. Şiraz şəhərində Seyid Əli Məhəmməd adlı gənc tacir 1844-cü ildə elan etdi ki, O İlahi Vəhyin daşıyıcısıdır və bəşəriyyətə Allahdan yeni Din nazil etmişdir. O, ərəbcə mənası Qapı olan “Bab” ləqəbini götürür və İranda öz miqyasına və kütləviliyinə görə misli-bərabəri olmayan babilər hərəkatını alovlandırır. Ona ilk 18 şəxs iman gətirir. Onların on yeddisi kişi və biri tarixdə müxtəlif adlarla tanınan –Tahirə Qürrətüleyn idi. Hərəkat yatırılır. İranın şəhər və kəndlərində 150 min babi qətlə yetirilir, həbsxanaya salınır və ölkəndən qaçır. Bab 1850-ci il iyul ayının 9-da Təbriz şəhərində camaat qarşısında güllələnir və bütün şagirdləri, o cümlədən Tahirə Qürrətülyn müxtəlif amansız üsullarla qətlə yetirilir.

Həyatı və mübarizəsi. Həmin qadının əsl adı Fatimə idi. Qəzvin şəhərində 1817-ci ildə türk (azərbaycanlı) ailəsində anadan olmuşdu. Bu ailədən olan üç qardaş – Molla Məhəmməd Taqi (həm də Tahirənin qaynatası), Molla Məhəmməd Saleh (Tahirənin atası) və Molla Məhəmməd Əli yalnız tanınmış və alim adamlar deyildilər, həm də öz dövrlərinin müctəhidləri idilər.

“Qürrətüleyn” (yəni, “gözümün təsəllisi”) adını ona dövrün mücdəhidi Seyid Kazım Rəşti, “Tahirə” (yəni “pak”) adını isə ona Bab vermişdi. Ona Zərrintac (“Qızıl Tac”) da deyirdilər. Onun biliyi və bəlağətli danışığı öz dövrünün ən bilikli kişilərini mat qoyurdu. Heyrət doğuran o idi ki, Tahirə təfsir və şərh məsələlərinin yalnız kişilərin inhisarında olması ənənəsini pozaraq, İslamın 1400 illik tarixində Qurani-Kərimin ilk qadın təfsirçisi olmuşdu. Kərbəla və Nəcəf şəhərlərində keçirilən dini toplantı və disputlarda pərdə arxasında iştirak edən yeganə qadın idi. Tahirə dini disputların birində təfsir və fiqh məsələləri ilə bağlı dövrün görkəmli alimlərini məğlub etmiş, lakin qadın olduğuna görə dini titul (mücdəhid adını) ala blməmişdir. Ailələli idi, iki oğlu və bir qız övladı var idi. Babilər hərəkatına qoşulanda qohum-əqraba ondan imtina etmiş, atası onu kafir elan etmiş, ərindən boşanmış və uşaqları əlindən alınmışdı. Hərəkat başlayanda Tahirə həm İslamın görkəmli yeganə qadın alimi, həm də dövrünün məşhur şairəsi kimi tanınmış 27 yaşlı nüfuzlu bir şəxsiyyət idi.

Tahirənin ictimai statusu. Onun babilər hərəkatında tutduğu rəhbər mövqe (Baba ilk iman gətirmiş 18 şagiridindən biri ) ilə məhdudlaşmırdı. Onun fəaliyyətində ictimai təlatüm doğurmuş, həm babilər hərəkatında, həm də bütün dünyada ictimai-siyasi proseslərin gedişini dəyişmiş məqamlar olmuşdur. Tahirə tarixə ilk öncə qadın azadlıqlarının carçısı kimi daxil olmuşdur. O, İslam Şərqində çadrasını nümayişkanə atmış ilk müsəlman qadını idi. Bu hadisə 1848-ci ildə babilərin Bədəşt konfransında (Xorasan əyalətində) iştirak edən 80 nümayəndənin (Tahirə onların arasında 81-ci yeganə qadın nümayəndə idi) gözü qarşısında baş vermişdi. Onun bu hərəkəti konfrans nümayəndələrini o qədər heyrətə salmışdı ki, nümayəndələrdən biri hətta qəzəbindən öz boğazını kəsmiş, qalanları isə nifrətlə ona hucum etmişdilər. Lakin Tahirə özünün möhkəm iradəsi, soyuqqanlığı və bəlağətli nitqi ilə qəzəblənmiş kişiləri sakitləşdirmiş, onları geriyə çəkilməyə və ona qulaq asmağa məcbur etmişdir. O üzünü onlara tutaraq demişdir:

“Qalxın, qardaşlar, Quranın dedikləri yerinə yetdi, yeni era başlamışdır. Mən sizin bacınız deyiləmmi, sizsə mənim qardaşım? Siz mənə həqiqi bir dost kimi baxa bilməzsinizmi? Əgər siz beyninizdəki şər fikirləri çıxara bilmirsinizsə, onda siz həyatınızı böyük iş üçün necə verəcəksiniz? Siz bilirsinizmi ki, sizin bu qədər ciddi-cəhdlə yerinə yetirdiyiniz üzü örtmək adəti Məhəmməd ə.s.tərəfindən əmr edilməyib? Xatırlamırmısınız ki, o ardıcıllarını göndərirdi ki, bəzi məsələləri gedib onun xanımından soruşsunlar? Gəlin qadınlarımızı azad edək və cəmiyyəti islah edək. Gəlin mövhumat və xudbinlik qəbirlərindən qalxaq və Qiyamət Gününün yaxın olduğunu bəyan edək; onda bütün dünya vicdan azadlığına və yeni həyata cavab verəcək! Bu qiyamət Şeypurunun səsi mənəm......”

Öz iradəsinin gücü ilə kişiləri onun bu iddiası ilə razılaşmağa məсbur etmişdir. Beləliklə, dünya miqyasında qadın haqları və qadın- kişi bərabərliyi uğrunda mübarizəni ilk dəfə şərq qadını, milliyyətcə türk (azərbaycanlı) Tahirə Qürrətüleyn başlatmışdır.

Bədəşt konfransında Tahirə iştirakçıları arasında münaqişəyə səbəb olan başqa bir iddia ilə çıxış edir. O, özlərini İslam daxilində dinin saflığıı bərpa edən Reformasiya Hərəkatının carçıları hesab edən və İslamın şəriət qaydalarına bağlı olan babiləri bu dindən çıxmağa və şəriəti bir kənara qoymağa çağırır, Babın təliminin düzgün anlamadıqlarını və onun əslində Allahdan nazil olan Yeni İlahi Vəhy olduğunu söyləyir. Bu iddialar hərəkat iştirakçılarını daha da çaşqınlığa salır və bununla razı olmayanlar babilikdən çıxdıqlarını bəyan edib, konfransı tərk edirlər. Yerdə qalan konfrans iştirakçıları isə Tahirə ilə yekdil fikirdə idilər: Bab ondan əvvəl gəlmiş peyğəmbərlərdən daha böyükdür, necə ki Məsih Musanın qanununu aradan qaldırdı, necə ki Məhəmməd Məsihin qanununu aradan qaldırdı, eləcə də Bab Quranın qanununu aradan qaldırdı. Tahirə bu söylərlə konfrans iştirakçılarının imanını daha da gücləndirdi:

“Bizim günlərimiz aralıq dövrlərdir. Bu gün bütün dini vacibatlar aradan qaldırılır və namaz, oruc və salavat əbəsdir. Bab yeddi səltənəti fəth edəndə və müxtəlif dinləri birləşdirəndə o yeni şəriət gətirəcək və öz Quranını icmaya təqdim edəcək. Onun əmr etdiyi hər bir mükəlləfiyyət yer üzünün insanları üçün məcburi olacaq. Ona görə də özünüzü dəyərsiz şeylərlə yükləməyin...Sizin hamınız bu gün bilməlisiniz ki, Allah özünü zahir edib və Quranın hökmü aradan qaldırılıb: bizə göydən yeni kiitab nazil olub və bizə yeni qanun verilib, biz insanlar arasında yeni qanununu yaymalıyıq.”

Tahirənin poeziyası.Tahirə XIX əsrin 40-cı illərində Şərqin ən görkəmli şairəsi idi. İranda babilər hərəkatı yatırılan zaman xüsusi fətva ilə lənətləndiyinə və öldürüldüyünə (1852-ci ildə) görə şeirlərinin böyük hissəsi toplanmış və məhv edilmişdir. Lakin bizim dövrə kimi gəlib çatmış bəzi şeirləri özünün dərin məzmunu və azadlıq ruhu ilə seçilir. Əslində, o poetik ifadənin yeni ritmini və yeni tərzinin banisidir. Tahirə cəmiyyətdə modernizmin təbliğatçısı idi və onun yayılmasına çalışırdı. Poeziyada isə o eksperimentlərin və dəyişikliklərin tərəfdarı idi.Tahirə modern İran poeziyasının banisi idi.

Gözlərimi qaldıra bilsəm,

Qarşında dayanıb üzünə baxsam

Sənə dərdimi söyləyərdim

Nöqtəbənöqtə, sözbəsöz.....

Üzünün nuru parladı,

Çöhrənin şüaları yüksəldi

Sonra söylə, “Mən sənin Rəbbin deyiləmmi?

Bəli, Bəli, cavab gələcək.

Deyiləmmi”? şeypur səsi,

Alqışlamaq üçün bəla

Təbilini necə ucadan çalmalı!

Ürəyimin qapısında bəla qoşunu

Ayaq döyüb, toplanır.....

Ətirli saçlarımın mən zülfünü açsam,

Hər bir ceyranı mən heyran edərəm.

Bu nərgiz gözlərimə sürməni çəksəm,

Bütün dünyanı ehtirasdan mən məhv edərəm.

Hər dan yeri çöhrəmi görmək üçün

Göylər qızılı güzgüsün qaldırır.

Bir gün kilsənin yanından keçsəm

Bütün nəsrani qızları dinə gətirərəm......

Ey qafil, məhbub gəlib, oyan!

Yuxu və nəfs tozunu silib at, oyan!

Bax, xoş məram gəlib,

Onun qarşısına göz yaşı ilə çıxma, oyan!

Acılar təbibi yanına gəlib,

Ey daş ürəkli, oyan!

Ey hicran xəstəsi,

Yarla vüsal müjdəsinə bax, oyan!

Sən ey xəzan olub solan,

İndi Bahar gəlib, oyan!

Tahirənin İranda qadın yazarlığına töhfəsini dəyərləndirmək mümkün deyil: O sübut etdi ki, qadın da kişi kimi düşünə, yaza və mühakimə yürüdə bilər – həm ictimaiyyətdə, həm də ictimaiyyət üçün. Tahirənin poeziyasının məzmunu, onun həyat tarixçəsi kimi, yayğındır və onun da haqqında müxalif fikirlər söylənilir. Tahirənin şeirlərinin ilk toplusu onun ölümündən yüz il sonra çap edilmişdir. Tahirənin bəzi şeirlərini başa düşmək çətindir. Onların dili mücərrəd anlayışlarla doludur. O nəinki ərəb və fars dillərini qarışdırır, həm də babi jarqon və kodlarına təkrar-təkrar istinad edir. Onun dini inancları onun poeziyasını doydurur və kəlamlarına atəş salır. Onlar onun poeziyasında yolundakı hər şeyi yandıran bir alov kimi qızarır. Onun istifadə etdiyi mistik eşq obrazı və dil ilahi məzhərə hər şeyi yandıran məhəbbəti və ona möhkəm bağlılığı üzə çıxarır.

Sənin eşqinin həsrətində, ey sevgili,

Bəlaların aşiqi mənəm.

Sən məndən niyə belə qaçırsan?

Hicranından üzgün mənəm.

Sən üzünü qapamısan,

Saçlarını qarışdırmısan,

Sən insanları tərk etmisən,

Necə ki guşənişin mənəm.

Süd də sənsən, bal da sənsən,

Ağac sənsən, meyvə sənsən,

Günəş sənsən, ay da sənsən,

Ləkə mənəm, zərrə mənəm.

Palma sənsən, xurma sənsən,

Şəkər ləbli sevgilisən,

Gözəl ağa, əziz sevgi,

Cəsarətli qulsa mənəm.

Məkkə sənsən, Tək də sənsən,

Məbəd sənsən, məqam sənsən,

Sevgili möhtərəm sənsən,

Bir miskin aşiqsə mənəm.

“Mənə gəl”

İşvə ilə eşq söylədi,

Kibir və təşəxxüsdən azad,

Təkin zühurusa mənəm.”

Tahirə sənin ayağının tozu,

Üzünün şərabından məst olmuş.

Sənin kərəmini gözləyən,

Etirafçı günahkar mənəm.

Baxmayaraq ki, şeirdəki şəxsin əhəmiyyəti sevgilinin məziyyət və müqəddəsliyi ilə müqayisə olunaraq qabardılır, amma bu şeirdə sevgilinin cinsini müəyyən etmək mümkün deyil. Son misrada Tahirəninn adı olmasaydı, şeirin müəllifinin də cinsini müəyyən etmək eyni dərəcədə mümkün olmazdı.

Tahirənin qətli. Müstəbid şahın, cahil ruhanilərin Tahirənin əleyhinə çıxmalarına baxmayaraq, o, həqiqəti söyləməkdə bir an da olsa tərəddüd etməmiş, ölümün gözünün içinə dik baxmışdır. Ölümünə bir-neçə gün qalmış Nəsrəddin şah azadlıqdan məhrum edilmiş Tahirə ilə görüşmək arzusunda olduğunu söyləyir. Əyanların təzyiqinə baxmayaraq, Tahirə şahın görüşünə çadrada getməkdən imtina edir. Tahirə şahın məqamına daxil olanda, onu bu görkəmdə görən şah özünü bir müddət itirir. Tahirənin üzünə baxmadan və gözlərini yerdən qaldırmadan Tahirəyə dini qaydalara hörmətlə yanaşmağı, öz inancından imtna etməyi tövsiyə edir, ona Məleykə qismində şah hərəmxanasına daxil olmağı təklif edir. Tahirə şahın bu təklifini istehza ilə öz şerindən bir beyt söyləyib otaqdan çıxır.

Sənə sənin səltənətin, cahü-cəlalın,

Mənə isə zahidin yolu və vəsiləsi

Əgər o yaxşıdırsa, özünə saxla,

Əgər bu pisdirsə, mənim ismətim.

Ölümə məhkum edildiyini eşidəndə, şahidlərin dediyinə görə Tahirə edam icaraçılarına aşağıdakıları söyləyib:

“Siz məni istədiyiniz kimi öldürə bilərsiniz, lakin qadınların azadlıq hərəkatını heç vaxt saxlaya bilməzsiniz”.

Tahirə Tehranın Elxani bağında 1852-ci ildə boğulub öldürülmüşdür. Bir ehtimala görə cəsədi suyu qurumuş quyuya atılmış və daşla doldurulmuş, başqa bir ehtimala görə isə cəsədi yandırılıb, külü göyə sovrulmuşdur. Fransız səfiri Qobino 1865-ci ildə çap edilmiş Les Religions et les Philosophies dans L`Asie Centrale kitablnda yazır ki, Tahirə əvvəlcə boğulmuş, sonra isə şahidlərin gözü qarşısında yandırılmışdır. Onun qalıqları qurumuş su quyusuna atılmış və üstünə də torpaq və daş tökülmüşdü.

Bir səməndər ol, bir pərvanə ol, mən demirəm

Yandırılmaq istəyirsən, cəsur qalmalısan.....

Tahirənin tədqiqi və populyarlaşdırılması. Azərbaycanda Tahirənin həyatı və ictimai fəaliyyəti çox məhdud şəkildə tədqiq edilmişdır. Onun həyatı, münbarizəsi və yaradıcılı haqda sanballı əsər demək olar ki, yoxdur. Əsas diqqət onun şairəlik fəaliyyətinə verilmişdir. Bu sahədə Sabir Gəncəli və Əzizə Cəfərzadənin tədqiqatları olmuşdur. Əzizə Cəfərzadə ona həsr olunmuş “Tahirə Zərrintac” povestini yazmışdır. Onun əsas ictimai fəaliyyət nə Sovet tarixçiləri tərəfindən, nə də indiki dövrdə Azərbaycan tədqiqatçıları tərəfindən demək olar ki, işıqlandırılmamışdır. Onun irəli sürdüyü sosial ideyaların, xüsusən də qadın azadlıqları barədə söylədiklərinin üzərindən səthi keçilmişdir və bu haqda bu gün də danışılmır. Bu onunla əlaqədar idi ki, Sovet ideologiyası Şərq qadınlarına azadlığı Sovet Dövlətinin verdyini iddia etməklə, Tahirə kimi şəxsiyyətin qabardılmasını istəmirdi.

Azərbaycandan fərqli olaraq dünyanın hər yerində, öncə qərb ölkələrində Tahirənin həyatı və mübarizəsi daha ətraflı tədqiq edilmiş, onun haqqında xeyli miqdarda elmi monoqrafiya və məqalələr bədii, elmi, elmi-populyar əsərlər yazılmış, rəsm əsərləri və kinokliplər çəkilmişdir. Qeyd etməyə dəyər ki, Tahirənin adını qərbin heyranlıq və ehtiramla çəkən məşhur şəxsiyyətləri arasında Lord Kurzon, Jozef Artur, Qobino, Professor Çeyne, Ser Françis Advard Yonqhasband, Arminus Vamberi, Edvard Braun, A.L.M. Nikolas, Marta Rut, Laura Dreyfus Barni, Klara Edc, Alessandor Bausani, Mərziyə Qeyl, Con Hetçer, Yan Ripka və Annemari Aximelin vardır. Edvard Braun məşhur A Literary History of Persia əsərində yazır:

“Qürrətül-Eyn kimi bir qadının meydana çıxması,istənilən ölkədə və istənilən dövrdə nadir bir fenomendir, lakin İran kimi bir ölkədə bunun olması qeyri-adi haldır– xeyr, demək olar, bir möcüzədir. Onun ecazkar gözəl-liyinin xüsusiyyətləri kimi, onun nadir intellektual istedadı, onun coşğun bəlağəti, qorxmaz cəsarəti, şərəfli şəhidliyi ilə o öz həmvətənləri arasında müqayisəyəgəlməz və ölümsüz bir mövqedə dayanır. Əgər Babın dini heç bir böyüklüyə iddia etməsəydi, onun Qürrətül-Eyn kimi bir qəhrəmanı doğurması .... kifayət edərdi.”

İstedadlı Avstriya şairəsi Marie von Najmajer Tahirə haqqında 1870-ci ildə eşitmiş və Tahirənin həyatı haqqında özünün ən gözəl poemasını yazmışdır. Avstriya prezidentinin anası və Yeni Qadın Hərəkatının banisi Marianna Hainsisch da elə həmin il Tahirənin həyatından ilhamlanmışdır. O 1925-ci ildə yazırdı: “Mənim bütün həyatım boyu ən böyük qadınlıq nümunəsi Qəzvinli Tahirə olmuşdur. Onun həyatı və ölümü barədə eşidəndə mənim cəmisi on yeddi yaşım vardı, amma mən onda dedim: “Mən Avstriya qadınları üçün o şeyləri etməyə çalışmalıyam ki, onları İran qadınları üçün etmək naminə Tahirə həyatını qurban etdi.”

Məşhur aktrisa Sara Bernhart dramaturq Catulle Mendesdən xahiş etmişdi ki, Tahirənin həyatından bir pyes yazsın. Rus dramaturqu İzabella Qrinyevsakay “Bab” presini yazmış, orada Tahirə obrazına geniş yer vermiş, əsər 23 yanvar 1904-c ildə Snakt –Peterbur şəhərində səhnəyə qoyulmuşdur.

Təkcə Hindistanda və Pakistanda Tahirənin həyat və yaradıcılığından təsirlənmiş məşhur şəxslərin siyahısına bu adlar başçılıq edir: Məhəmməd İqbal17, Şeyx Əbdül Qədir18, Xavaja Həsən Nizami19, Süleyman Nazim Bəy, Sarojini Naidu20, M. Hidayət Hüseyn21, Əbdül-Həlim Şərar22, Əziz Əhməd23 Zahir Kəşmiri24, Həbib Cəlib25, Cəmilə Həşmi26, İntizar Hüseyn27, Əbr Ehsani Qinnori28, Rəis Əmrahvi29və Kişvər Nahid30.

Müasir Şərq fəlsəfəsinin anisi Məhəmməd İqbal “Cavidnamə” poemasında nəql etdiyi səyahətdə, xəyalı olaraqYupiter planetinə çatır; və burada üç nurlu ruhla görüşür – Mənsur Həllac, Qalib və Qürrətül-Eyn Tahirə. İqbal bu səyahətin təfərrüatlarını çox gözəl təsvir edir. O, bu üç müqəddəs ruh qarşısında dayanır. Onlar qırmızı libasda idilər, üzləri isə nur saçırdı. Bu şəxsiyyətlər yüksək ruh halətində idilər. İqbal poemada deyir:

Düşünmə ki, Tahirə bu dünyanı tərk etmişdir,

Bəlkə o öz dövrünün vicdanında qalmışdır.

Pakistanlı tədqiqatçı Sabir Afaqi Tahirə haqqında yazır: “Tahirə kimi tanınmış - şairə, yazıçı, insanlar və insanlğın yüksəlişi naminə əhəmiyyətli olduğuna inandığı iş üçün yaşayan və ölən görkəmli bir qadın - Qürrətül-Eyn tarix səlnaməsində bənzərsiz bir şəxsiyyətdir. O, cəsur, şücaətli, namuslu idi və doğru hesab etmədiyinə “yox” demək cəsarətinə və dürüstlüyünə malik idi. O, əsrlərlə yaranmış ziyanlı ənənə-lərə meydan oxudu və öz ölkəsinin qadınlarının azadlığı üçün əməli addımlar atdı, onlara şərəfə, azadlığa və firavanlığa çatmağın yeni yollarını göstərdi”.

Tanınmış şair və yazıçı professor Şövkət Vasti özünün Kahta hun Sac adlı avtobioqrafiyasında (1995) Tahirəyə istinad edərək yazır: “Qürrətül-Eyn fars poeziyasına elə bir romantika və təravət gətirmişdir ki, bu hərəkatın əhəmiyyəti ədəbi diskurslarda hələ də aktualdır, canlıdır..”

Türk şairi Nazim Hikmət ona nadir bir formada ehtiramını bildirmişdi: “Ey Tahirə, min Nəsrəddin şah səninlə öldü. Ey insan azadlığının şölə saçan alovu.”

Böyük Türk şairi Süleyman Nazif Tahirə haqqında demişdir:

“O, Janna Darkdan daha mötəbər, daha gerçək, daha görkəmli və daha böyük qəhrəmandır, Həvvadan tutmuş doğulacaq son qız övladına qədər, Qəzvindən olan bu gənc Türk qadınını xatırlayarkən, gözləri yaşaracaq və qürurla dolacaq. Ah! Təəssüf, Qürrətül`eyn! Sən min Nəsrəddin şaha, min Qacar sülaləsinə dəyərdin. Sənin qatillərin sənin külünü Tehranın üfüqlərinə səpmədilər, xeyr, o üfüqlərdən bəşəriyyətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir, Tahirə!”

Qərb ölkələrində Tahirənin adını daşıyan onlarca cəmiyyət, assosiasiya, qadın və qeyri-qadın təşkilatları fəaliyyət göstərir. Bunlar arasında ikisi daha məşhurdur:

“Tahirih Justice Centre (Tahirə Ədalət Mərkəzi, ABŞ);

“Tahirih Association (Tahirə Assosiasiyası, ABŞ);

Hazırda qlobal miqyasda dini təməlçiliyin baş qaldırdığı və qadın azadlıqlarına qarşı hücumların gücləndiyi dövrdə Tahirə kimi şəxsiyyətin Azərbaycan xalqına, xüsusən də gənc qızlarımıza tanıtdırılması böyük əhəmiyyət kəsb edir.

 
 
 

Comments


  • Facebook Black Round
  • Google+ - Black Circle
  • Tumblr Black Round
Rob Amstel -
Entrepreneur, Speaker & Author

I'm a paragraph. Click here to add your own text and edit me. Let your users get to know you.

Business Plan
Writing A-Z

 

FREE COURSE
(Valued at $250)
 

Learn all you need in order to create a stellar business plan
for your endeavor!

Business Plan

Writing A-Z

 
FREE COURSE
(Valued at $250)
 

Learn all you need in order to create a

stellar business plan for your endeavor!

My Book
 

I'm a paragraph. Click here to add your own text and edit me. Let your users get to know you.

Search By Tags
Azər Cəfərov -
Bakı Dövlət Universteti, fəlsəfə doktoru, dosent, profesor, Yazıçı, Torpaqşünas

Mən bir insanam və öz millətimi sevən, din, elm, və sənətkarkiği büyük hörmət ilə yanaşiram zira Azərbaycan mədəniyyətə və digər tez irrəli gedən millətlərə görmuşəm orda ki din elm və sənət arasinda harmoniy var o ərazi o millət və o icma həmişə inkişafdadir.  

Mənim kitablarım
 

Bəhai dini. Bakı-2005.  (Kitabda Bəhai dininin yaranması, formalaşma mərhə­lələri və Azərbaycanla bağlı tarixi haqqında məlumat verilir. )

Azərbaycanda dinlər və məzhəblər bir dinin işığında. Bakı-2011.

© 2023 by Walkaway. Proudly created with Wix.com

  • Facebook Black Round
  • Google+ - Black Circle
  • Twitter Black Round
bottom of page